“Neftçi”nin yeni transferləri nömrələrinə qovuşdular
07 fevral 2011 18:24 (UTC +04:00)

“Neftçi”nin yeni transferləri nömrələrinə qovuşdular

Lent.az-ın məlumatına görə, klubun bazasında baş tutan tədbirdə flaqmanın prezidenti Sadıq Sadıqov da iştirak edib. Mərasimdə braziliyalı Rodriqinyoya 7, Yasin Himaya 4, Vitali Kovalyova isə 34 nömrəli forma təqdim olunub.


Yeni transferləri “Neftçi” ailəsinə qoşulmaları münasibətilə təbrik edən klub prezidenti Sadıq Sadıqov onların komandanı daha da gücləndirəcəyinə inam ifadə edib: “Biz yerli futbolçularla yanaşı, səviyyəli legionerlərin transferini həll etməyə çalışırıq. Gündən-günə inkişaf edən Azərbaycan futboluna öz töhfəmizi vermək və komandamızın böyük uğurlar qazanması üçün lazım olan hər şeyi edirik. Mən inanıram ki, qış fasiləsində heyətimizə qoşulan futbolçular komandamızın gücünə güc qatacaq. Həyata keçirilən bu transferlər oyunlarımıza azarkeş marağını da artıracaq”.


Daha sonra söz futbolçulara verilib. Braziliyalı futbolçu Rodriqinyo “Neftçi”yə transferini belə dəyərləndirib: “Mən ilk dəfədir ki, legioner həyatı yaşayıram. Burada uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm. Bilirəm ki, mənə böyük ümidlər bəslənilir. “Neftçi”də həmyerlilərimin çıxış etməsi də keçidimə təsir etdi. Bu forma ilə çempionluq sevinci yaşamaq istəyirəm”.


Əlcəzair əsilli Yasin Hima öz sözlərini meydançada deyəcəklərini söyləyib: “Buraya gəldikdə komandanın baş məşqçisi mənə klubun hədəflərindən danışdı. “Neftçi”nin bu hədəflərə çatması üçün meydanda öz sözümüzü deyəcəyik. Bilirəm ki, komandada böyük rəqabət var. Belə rəqabətin olması ancaq bizim xeyrimizədir”.


Təcrübəli qolkiper Vitali Kovalyov Azərbaycanın ən böyük klubuna transfer olunduğunu açıqlayıb. Onun fikrincə, “Neftçi” hər bir azərbaycanlı futbolçunun forma geymək istədiyi klubdur: “Burada bir hədəf var: yalnız birinci olmaq. Komandamın çempion olması üçün mən də, şans verildiyində üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gələcəyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1298

Oxşar yazılar