2 saylı İstintaq təcridxanasında saxlanılan şəxsdən mobil telefon götürülüb. Lent.az-ın Penitensiar xidmətin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dekabrın 9-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1; 120.2.2; 120.2.7; 221.3; 228.2.1; maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Samir Rəşid oğlu Osmanovun kamerasına və üzərinə baxış keçirilərkən əynindəki şalvarın sağ cibindən daxilində "Nar" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, S.Osmanov noyabrın 24-də Zaqatala rayonunda içərisində 4 nəfərin olduğu avtomobili avtomatdan güllə atəşinə tutub. Bir neçə gün sonra Balakən rayon sakini, 1991-ci il təvəllüdlü Osmanov Samir Rəşid oğlu tutulub. S. Osmanovdan hadisə zamanı istifadə etdiyi avtomat silah da maddi sübut kimi götürülüb. Polisdən bildirilib ki, S. Osmanov hadisə zamanı yaralanıbmış. S. Osmanovun əlindəki silahdan açılan güllələrdən biri elə onun öz əlinə dəyib. S. Osmanovun müayinəyə ehtiyacı olduğu üçün xəstəxanaya yerləşdirilib.