Bu il dövlət büdcəsinə olan vergi borclarının məbləği 1 yanvar 2012-ci il tarixinə olan vergi borcları ilə müqayisədə 23,8 faiz azalıb, 2013-cü il ərzində 227 min 480 borclu vergi ödəyicisinin borcu tamamilə ləğv edilib. Bu barədə Lent.az-a Vergilər Nazirliyindən məlumat verilib.
Keçirilmiş nəzarət tədbirləri zamanı vergi öhdəliklərini vaxtında yerinə yetirməyən 454 borclu vergi ödəyicisinin 63 faizində qanun pozuntusu aşkar edilib, tətbiq olunmuş maliyyə sanksiyaları və inzibati cərimələrin 89,4 faizinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Borclu fiziki şəxslərin borcları üzrə tələbin onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi istiqamətində görülmüş tədbirlər nəticəsində 2121 vergi ödəyicisinin 1387,6 min manat məbləğində borcunun dövlət büdcəsinə alınması təmin edilib, 27 vergi ödəyicisinin nəqliyyat vasitələri siyahıya alınıb, 1139 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərinə həbs qoyulmaqla cərimə meydançalarına yerləşdirilməsi barədə məhkəmə qərarları qəbul edilib.
Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə 66 borclu fiziki şəxsə qarşı məhkəmələrdə iddialar qaldırılıb.
Vergi orqanları tərəfindən aidiyyəti üzrə edilmiş müraciətlər əsasında 29 vergi ödəyicisinin ölkədən getmə hüququ məhkəmə qərarı ilə məhdudlaşdırılıb.