Penitensiar Xidmətin və 3 saylı İstintaq Təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq Təcridxanasında saxlanılan 1974-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.4, 181.2.5 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Müşfiq Mustafa oğlu Hacıyevin kamerasına və üzərinə baxış keçirilib. Bu zaman kameranın sanitar qovşağında olan gizli saxlanc yerindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Bakı İstintaq Təcridxanasında saxlanılan 1973-cü il təvəllüdlü, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elçin Eldar oğlu Məmmədovun əşyalarına və üzərinə baxış keçilərkən isə alt paltarının içində gizlədilmiş daxilində “Cin” və “Sim” danışıq kartları olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan 1980-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 318.2; 228.4 və 66.3 maddələri ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Arsen Süleymanoviç Süleymanovun kameranın giriş qapısının plintusunun altında gizlədilmiş, daxilində danışıq kartı olmayan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan 1982-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Anar Nurəli oğlu Məmmədovun alt paltarının içində gizlədilmiş və şəffaf sellofana bükülmüş narkotik maddə - marixuana aşkar edilərək götürülüb.
Faktlar üzrə araşdırma aparılır.