Gəncədə sürücü ilə dispetçer arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib. Bu barədə APA TV-nin qərb bürosuna Gəncə şəhər Baş Polis İdarəsindən məlumat veriblər.
Hadisə şəhərin Gülüstan qəsəbəsində baş verib. 14 nömrəli marşrut xətt üzrə hərəkət edən mikroavtobusun sürücüsü, 30 yaşlı Tural Kazımovla həmin xətdə mikroavtobusların hərəkətinə nəzarət edən dispetçer, 36 yaşlı Elnur Həsənov arasında mübahisə yaranıb. Tural Kazımov üstündə gəzdirdiyi bıçaqla Elnur Həsənovu vurub. Yaralı döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Təcili əməliyyat olunan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.
Tural Kazımov könüllü olaraq, Nizami rayon Polis İdarəsinə gələrək bıçağı polisə təhvil verib və Elnur Həsənovu bıçaqladığını bildirib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində cinayət işi açılıb, istintaq gedir.