“2013-2018-ci illərdə Azərbaycanın inkişafının prioritetlərini seçərkən məruz qaldığımız itkilər və əldə edilmiş nailiyyətlərin qiymətləndirilməsi vacibdir. Yeni inkişaf modelinin seçilməsi bu təcrübəyə əsaslanmalıdır. Buna əsasən son 10 ili Azərbaycanın intibah illəri kimi səciyyələndirə bilirik”.
APA-nın verdiyi məlumata görə, bunu bu gün Bakıda keçirilən “Azərbaycan 2013-2018: Yeni hədəflərə doğru” konfransında maliyyə naziri Samir Şərifov söyləyib.
S.Şərifov deyib ki, Azərbaycan son 10 ildə xaricdən investisiya alan ölkədən xaricə investisiya yatıran və kosmosa peyk çıxaran ölkəyə çevrilib: “Prezident İlham Əliyevin rəhbərliyi altında son 10 ildə ölkə iqtisadiyyatı 3,4 dəfə artıb. 10 il ərzində əmək haqları 6,4, pensiyalar 8,6 dəfə artıb, yoxsulluq 50 faizdən 6 faizə enib. Ölkənin valyuta ehtiyatları isə 50 milyard dollara çatıb”.
S.Şərifov 2003-2013-cü illərdə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması üçün 12 dəfə fərman və sərəncam imzalandığını, pensiyaların baza hissəsinin indeksləşdirilməsi üçün 8 sərəncam verildiyini qeyd edib.
Maliyyə naziri “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasının qeyri-neft sektorunun inkişafını, sənayeləşmənin sürətləndirilməsini nəzərdə tutduğunu söyləyib: “Konsepsiyada 2020-ci ilə qədər ÜDM-in 2 dəfə artırılması, Azərbaycanın yüksək insan inkişafı ölkələri sırasına daxil olması qarşıya məqsəd qoyulub. 2012-ci ildə Azərbaycan ÜDM istehsalına görə 69-cü yerə, adambaşına düşən ÜDM-ə görə 78-ci yerdə qərarlaşıb. Hazırda Azərbaycanın xarici borcu ÜDM-ə nisbətdə 8,3 faizdir. Təhsil və səhiyyə sektorunda çalışanların əmək haqlarının orta aylıq əməkhaqqı səviyyəsinə çatdırılması planlaşdırılır”.