Göyçayda bələdiyyə sədrinin intiharı ilə bağlı maraqlı məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, Göyçay rayon Polis Şöbəsinin müstəntiqi Saleh Muştaqov qaynar.info-ya bildirib ki, Qarabaqqal kənd bələdiyyəsinin sədri Mahmud Şıxməmmədovdan pul tələb olunması ilə bağlı yayılan məlumatlar əsassızdır: “Ona ağır maddə ilə cinayət işi açılıb və bu səbəbdən də intihar edib. İş Baş Prokurorluğun nəzarətindədir. M.Şıxməmmədovdan rüşvət istəniləməsi ilə bağlı iddialar əsassızdır. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılmışdı. Cinayət işi Rayon Prokurorluğunda bu ayın 20-də başlanıb və polis şöbəsinə göndərilib. Onun intihar etməsi də bununla bağlıdır, çünki üstündə ağır maddə var idi”.