Bakının polis orqanlarında yeni təyinatlar olub.
APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Bakının Xəzər Rayon Polis İdarəsinin 1-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə rəis təyin olunub. 17-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Mehman Mansurov isə Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.
R.Usubov həmçinin Bakının Nizami Rayon Polis İdarəsinin rəis müavini Nazim Əliyevin tutduğu vəzifədən azad edilməsi ilə bağlı əmr imzalayıb. N.Əliyev Daxili İşlər Nazirliyində yüksək vəzifəyə təyinat alıb.
Nizami rayon Polis İdarəsinin rəis müavini və 1-ci polis bölməsinin rəisi vəzifələrinə isə hələlik təyinat yoxdur.