Azərbaycanda qeyri-sabit hava şəraiti və yolların buz bağlayacağı ilə əlaqədar olaraq ölkənin bəzi magistral yollarında nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.
İdarədən qeyd edilib ki, axşam və gecə saatlarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı barədə məlumat daxil olub. Bu səbəbdən də bəzi avtomobillərin həmin istiqamətdə hərəkətinə məhdudiyyət qoyulacaq.
Məlumata görə, əsas etibarilə şinləri qış mövsümünə uyğun olmayan nəqliyyat vasitələrinin bu istiqamətdə hərəkətinə məhdudiyyət qoyulacaq: "Həmin istiqamətlərdə əsas etibarilə hər iki oxu aparıcı olan nəqliyyat vasitələrindən və yaxud ictimai nəqliyyatdan istifadə edilməlidir.
Əsasən Şamaxı, eləcə də Ağsu aşırımları istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin sahibləri diqqətli olmalıdırlar. Sürücülər əsasən Bakı-Qazax yolu ilə Kürdəmirdən keçməklə gedə bilərlər. Bundan əlavə, Quba-Qusar istiqamətində hərəkət edən avtomobillərin də Xaçmaz yolundan istifadə etməsi tövsiyə olunur.
Məlumatda, həmçinin bildirilir ki, yaxın günlərdə Bakının bəzi yerlərində də yollar buz bağlayacağından paytaxt sürücüləri təhlükəsizlik tədbirləri görməlidirlər.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti yaxın günlərdə gözlənilən hava şəraiti ilə əlaqədar xəbərdarlıq edib.
Departamentdən öncə Trend-ə verilən məlumata görə, yanvar ayının son günlərində ölkə ərazisində arabir yağıntılı hava şəraitinin davam edəcəyi, yanvarın 28-29-da bəzi dağlıq və dağətəyi rayonlarda, yanvarın 30-31-də isə əksər rayonlarda qar yağacağı gözlənilir.
Yanvarın 28-29-da Bakıda və Abşeron yarımadasında havanın temperaturunun 2-4 dərəcə isti, yanvarın 30-da 0 dərəcəyə yaxın, yanvarın 31-də isə minimal temperaturun 2-4 dərəcə şaxta olacağı, şimal küləyinin arabir güclənəcəyi, bəzi ərazilərdə yolların buz bağlayacağı gözlənilir.
Yanvarın 28-də Daxili İşlər Nazirliyində 2013-cü ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azlığına görə ötən ildə də MDB və Şərqi Avropa məkanında öncül mövqedə olub. İclasda daxili işlər naziri hesabat məruzəsi ilə çıxış edib. O, deyib ki, hesabat dövründə əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 22.891 cinayət qeydə alınıb. Onların 91,4 faizini və ya 20.465-ni daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər təşkil edib. Bu cinayətlərin 86 faizi böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 14 faizi ağır və xüsusilə ağır növlər olub. Profilaktik işin gücləndirilməsi, cinayət və hadisələr barədə məlumatlara operativ reaksiya verilməsi məqsədilə, ötən ilin ilk günlərindən etibarən sistemli şəkildə həyata keçirilən təşkilati-praktiki tədbirlər - əməliyyat şəraitinin nəzarətdə saxlanılmasını təmin etmiş, cinayətkarlığın dinamikasında müsbət dəyişiklikləri şərtləndirib. Belə ki, daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlər azalaraq 20.465 fakt təşkil edib. Cinayətlərin açılması da yüksək olmaqla 85,4 faiz təşkil edib. Əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində 896 cinayət “isti izlərlə” açılıb. Eyni zamanda, prokurorluq orqanları ilə birgə, keçmiş illərdən bağlı qalmış 284, o cümlədən 63 ağır və xüsusilə ağır cinayətin açılması təmin edilib. Cinayətlərin qarşısının alınmasında, açılmasında, hüquqazidd əməllərə məruz qalmış şəxslərin həyat və sağlamlığının müdafiəsində müasir informasiya texnologiyalarının əhəmiyyəti də böyük olub. Təkcə “102” xidmətinə daxil olan məlumatlar üzrə həyata keçirilmiş çevik cavab tədbirləri ilə 7947 hüquqazidd əməlin qarşısı alınıb, habelə 2764 cinayət işi başlanıb. “Təhlükəsiz şəhər” xidmətinin texniki imkanları ilə 105 cinayət açılıb, 8401 yol-nəqliyyat qəzası, piyadaların vurulması ilə nəticələnən 111 hadisə aşkarlanıb, axtarışda olan 121 avtomobil saxlanılıb. Vahid məlumat-axtarış sistemi vasitəsilə 690 mindən çox sorğu cavablandırılıb, axtarılan 1264 şəxs müəyyən edilib.
Bildirilib ki, törədilmiş əmələ görə cəzanın labüdlüyünün təmini işi də nəzarətdə saxlanılıb. Bu istiqamətdə həyata keçirilən davamlı tədbirlərlə müxtəlif cinayətlər törətmiş 12.361, o cümlədən ağır və xüsusilə ağır cinayətlərə görə 1975 nəfər məhkəmə məsuliyyətinə cəlb edilib. Ötən il təqsirləndirilən şəxslərin axtarışı işinin nəticələri də yaxşılaşmaqla istintaqdan və məhkəmələrdən yayınan 2059 nəfər tutulub. İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş 72 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 29 şəxsin yeri müəyyən olunub. Bütövlükdə, axtarılan şəxslərin 66,5 faizinin tutulması təmin edilib.
Mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə də ardıcıl xarakter daşıyıb. Həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə 1833, o cümlədən 688 ağır və xüsusilə ağır cinayət törətmiş 2095 nəfəri birləşdirən 760 cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Qanunsuz olaraq odlu silah saxlamağa və daşımağa görə 34 faiz çox, yəni 134 şəxs cinayət məsuliyyətinə cəlb edilib. Dövlətin iqtisadi təhlükəsizliyinin qorunmasına yönəlmiş əməliyyat tədbirləri ilə 25 saxta pul hazırlama və satma cinayəti aşkarlanıb. Nəticədə qeyri-leqal dövriyyədən ümumi məbləği 98 min manat olan 2267 ədəd saxta əskinas çıxarılıb.
O da qeyd edilib ki, transmilli mütəşəkkil cinayətlərdən olan narkotraffikə və insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər də məqsədyönlü olub. Narkotiklərlə əlaqədar 2577 cinayət, o cümlədən satışı ilə bağlı 677 fakt aşkarlanıb, 135 nəfərdən ibarət 54 cinayətkar qrup zərərsizləşdirilib. Qeyri-leqal dövriyyədən 619 kq narkotik vasitə çıxarılmış, 65,1 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Həmçinin, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə - ümumi çəkisi 302 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib. İnsan alverinə qarşı Milli Fəaliyyət Planı əsasında davam etdirilən əməliyyat tədbirləri ilə 80 cinayət faktı müəyyənləşdirilərək 17 nəfər məsuliyyətə cəlb edilib, habelə bu əməllərin qurbanı olmuş 50 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib. Qanunçuluğun, eləcə də hər bir şəxsin hüquq və azadlıqlarına hörmətin bərqərar olunmasında mühüm rol oynayan istintaq və təhqiqat qurumları əməkdaşlarının fəaliyyəti də qənaətbəxşdir. Hesabat dövründə müstəntiqlərin icraatında 21.199 cinayət işi olub. 2012-ci illə müqayisədə istintaqı tamamlanaraq ittiham aktı ilə məhkəmələrə göndərilmiş cinayət işlərinin sayı 3 faiz artıb.
Nazir deyib ki, daxili işlər orqanlarının fəaliyyətinin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində həyata keçirilən profilaktiki tədbirlər də müsbət nəticələrlə müşayiət olunub. Ötən il bu sahədə ictimai münasibətləri tənzimləyən 15 qanunvericilik aktı qəbul edilib o cümlədən yol hərəkəti qaydaları əleyhinə olan bir sıra inzibati xətalara görə sanksiyalar sərtləşdirilib.
Respublikada dövlət qeydiyyatına alınmış nəqliyyat vasitələrinin sayı 102 min ədəd artaraq 2013-cü ilin sonuna 1.245.677 vahid təşkil edib. Bununla belə, həmin artımın fonunda yol-nəqliyyat hadisələrinin sayı 1,6 faiz və ya 46 fakt, qəzalarda həlak olanların sayı 0,3 faiz, yaxud 4, yaralananların sayı isə 1,6 faiz və yaxud 49 nəfər azalıb. Yol hərəkətinə nəzarət prosesində hesabat dövründə 2012-ci illə müqayisədə 40 faiz çox və ya 1.429.781 müvafiq inzibati xəta müəyyən edilib. Şüşələrinə pərdə və plyonka çəkilmiş 10.578 avtomobil, avtoxuliqanlığa görə 703 nəfər aşkarlanaraq qanunauyğun tədbirlər görülüb. Xətaların 11,8 faizi (168.197-si) avtomatik rejimdə işləyən foto və videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə müəyyən edilib. Bütövlükdə, müxtəlif inzibati xətalara görə respublika üzrə 2012-ci illə müqayisədə 29 faiz çox və ya 1.452.461 protokol tərtib olunub, nəticədə 1.347.617 nəfər cərimələnib, 4130 nəfər məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 41.495 şəxsə xəbərdarlıq edilib.
Bildirilib ki, nazirliyin rəhbərliyi və struktur xidmətləri tərəfindən 5 mindən çox, o cümlədən qabaqcadan məlumat verilməklə 64 şəhər və rayon üzrə 476 vətəndaş qəbul olunub, qaldırılan məsələlərin əksəriyyəti yerində müsbət həll edilib. Hesabat ilində vətəndaşlardan Nazirliyə 45 minə yaxın, o cümlədən elektron poçt ünvanına 9800 müraciət daxil olub, onların yalnız 3 faizini polis əməkdaşlarından şikayətlər təşkil edib. Daxili nəzarət qaydasında həyata keçirilən tədbirlərlə vətəndaşlarla kobud rəftara görə 118, əsassız saxlamaya görə 35, əsassız polisə gətirməklə bağlı 28 fakt üzrə 341 əməkdaş barəsində müvafiq tənbeh tədbirləri görülüb. Korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkarlanmış 66 fakt üzrə intizam məsuliyyətinə cəlb olunub 106 əməkdaşdan 84-ü xidmətdən xaric edilib, 20-si aşağı vəzifəyə keçirilib, 2-si barədə digər tənbeh növləri tətbiq edilib.