Hazırda həbsdə olan jurnalist Pərviz Həşimli intihara cəhd edib. Musavat.com-un məlumatına görə, bu barədə onun vəkili Elçin Sadıqlı məlumat verib.
Vəkilin bildirdiyinə görə, Pərviz özünə qayçı ilə xəsarət yetirməyə cəhd edib. Amma onun bu hərəkətinin qarşısı alınıb.
Qeyd edək ki, bu gün Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılmış Pərviz Həşimlinin məhkəməsi başlayıb.
P. Həşimli məhkəmə binasının qarşısında jurnalistləri görən kimi "Mənə işgəncə verirlər!" deyə qışıqırıb. Proses zamanı vəkil hakimdən Pərviz Həşimlinin qeydlərinin gətirilməsini tələb edib. Pərviz ona işgəncə verildiyini iddia edib v' bunu vaxtı və forması ilə qeyd etdiyini deyib. Amma qeydlər məhkəməyə gətirilməyib. Vəkil qeydlərin gətirilməməsini əsas gətirərək, məhkəmədən icazə alaraq zaldan çıxıb. P. Həşimli də etiraz olaraq arxasını məhkəməyə çevirib. Hakim bunu məhkəməyə hörmətsizlik kimi qeyd edib və Pərvizi zaldan çıxarıb. Məhkəmə vəkilsiz və müttəhimsiz davam edib. Qərar isə vəsatətin təmin edilməməsi olub.
Qeyd edək ki, P. Həşimli sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən həbs edilib. O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama) maddələri ilə ittiham olunur.
Musavat.com