Ovçunun qətli ilə bağlı üç nəfər həbs edilib
30 yanvar 2014 11:49 (UTC +04:00)

Ovçunun qətli ilə bağlı üç nəfər həbs edilib

Baş Prokurorluq Oğuz rayonunda ovçunun qətlə yetirilməsi ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, yanvarın 26-da Oğuz rayon Prokurorluğuna 1981-ci il təvəllüdlü Seydəliyev Məmmədbağır Aydın oğlunun rayonun Xaçmaz kəndi ərazisində meşə massivində qayadan yıxılaraq ölməsi barədə məlumat daxil olub. Bununla əlaqədar rayon Prokurorluğu və rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məhkəmə tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. M. Seydəliyevin meyitinin xarici müayinəsi zamanı bədəni üzərində odlu silahla qətlə yetirilməyə xarakterik xəsarətlər aşkar edilib.

 

Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) və 258.3.2-ci (qanunsuz ov etmə) maddələri ilə cinayət işi başlanıb, iş üzrə zəruri ekspertizalar təyin edilib. İstintaqla müəyyən edilib ki, Xalid Həsrətov qeyd edilən tarixdə saat 10 radələrində tanışları - Oğuz rayon sakinləri Məmmədbağır Seydəliyev, Maarif Lətifov və Oğuz rayon Meşələrin Bərpası və Mühafizəsi Müəssisəsinin meşə gözətçisi vəzifəsində işləməklə öz qulluq mövqeyindən istifadə edən Arif Salehovla müvafiq icazə olmadan, qadağan edilmiş vaxtda qanunsuz ov etmə məqsədilə qabaqcadan əlbir olan bir qrup təşkil edərək, hər biri yivsiz ov tüfəngləri ilə silahlanaraq “Qırmızı kitab”a daxil edilməklə ovlanması tamamilə qadağan edilmiş maral cinsinə aid heyvanları ovlamaq niyyəti ilə rayonun Xaçmaz kəndi ərazisində yerləşən “Böyuk Daş” deyilən əraziyə gediblər.

 

Həmin gün saat 13.00 radələrində ov prosesində onlar ov tüfənglərindən qarşılarına çıxmış marala atəş açaraq onu ovlayıblar. Xalid Həsrətovun açdığı atəşin ondan nisbətən aralıda dayanıb ov gözləyən Məmmədbağır Seydəliyevin bədəninin müxtəlif nahiyələrinə dəyməsi və ehtiyatsızlıqdan onu öldürməsində əsaslı şübhələr olduğundan o, Cinayət Məcəlləsinin 124.1 və 258.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

 

İş üzrə Arif Salehov Cinayət Məcəlləsinin 258.3.1 və 258.3.2-ci, Maarif Lətifov isə 258.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib.

 

Hazırda iş üzrə istintaq davam etdirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1095
avatar

Oxşar yazılar