Azərbaycanda 2013-cü il ərzində 3 məhkəmə sədri vəzifəsindən azad edilib, 5 hakimin səlahiyyətlərinə isə xitam verilib.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2013-cü ilə dair hesabatında qeyd olunub. Məlumata görə, buna hakimlərin işlərində ciddi nöqsan və çatışmazlıqlara yol vermələri səbəb olub.
Hesabatda qeyd olunub ki, ötən il 3 hakim barədə intizam icraatına da baxılıb.
Qanunvericiliyin tələblərinin pozulmasına yol verdikləri üçün Bakı şəhəri Nizami rayon Məhkəməsinin hakimi Ziya Əliyevin və Masallı rayon Məhkəməsinin hakimi Vidadi Nəsirovun iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib, Sabunçu Rayon Məhkəməsinin hakimi Elşən Kazımova isə irad tutulub. Eyni zamanda birinci instansiya məhkəmələrinin qanunvericiliyin tələblərini pozan 4 hakimi barədə intizam icraatına başlanılıb.