Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının qiyabi şöbəsini bitirən məzunların zabit vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.
Nazirlikdən Lent.az-a verilən məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubov təyinatın şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşdiyini xatırladıb, bu üsulun son illər praktikada özünü doğrultduğunu vurğulayıb.
Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru İsmət Əliyev bu gün Nazirliyə paytaxt polisinin sıralarında xidmət edən 25 nəfərin dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib. Daha sonra təyinat püşkatma yolu ilə həyata keçirilib, polisin orta rəis heyəti vəzifələrinə iddiaçılar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkiblər.
Tədbirə yekun vuran daxili işlər naziri məzunları bir daha təbrik edib, çətin və şərəfli xidmətlərində onlara uğurlar, polisin adını və şərəfini daim uca tutmağı arzulayıb.
Gənc əməkdaşlara daim öz üzərilərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini, gündəlik fəaliyyətlərində peşəkar həmkarlarının təcrübəsindən yararlanmalarını, polis adını hər zaman uca tutmalarını tövsiyə edən nazir əmin olduğunu bildirib ki, onlar qarşıya qoyulmuş tapşırıqları və vəzifələri yüksək məsuliyyətlə yerinə yetirəcək, yüksək etimadı doğruldaraq dövlətçiliyə, xalqa və Vətənə, anda sədaqətlə xidmət edəcəklər.
Püşkatmada iştirak etmiş iddiaçılar daxili işlər nazirinin müvafiq əmrləri ilə Bakı Şəhər Baş Polis İdarəsinin orqan və hissələrində orta rəis heyəti vəzifələrinə təyin olunublar.