Mətbuat Şurası “Beynəlxalq münasibətlər mövzusu ölkəmizin kütləvi informasiya vasitələrində: mövcud durum və peşəkarlığın artırılması yolları” layihəsi çərçivəsində “Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusunda yazı müsabiqəsi keçirir. Bu barədə Lent.az-a Şuradan məlumat verilib.
Müsabiqəyə Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, Azərbaycanın beynəlxalq münasibətlər sistemi və Heydər Əliyev şəxsiyyəti, Beynəlxalq siyasi proseslərdə qlobal maraqlar istiqamətində yazılar təqdim olunmalıdır.
I yer üçün 1000 manat, II yer üçün 800 manat, III yer üçün 500 manat nəzərdə tutulub. Həvəsləndirici mükafat isə (10 nəfər) – 300 manat olacaq. Müsabiqədə yer tutacaq şəxslərin adları 2014-cü il may ayının 5-dək açıqlanacaq. Mövzunun əhatə edilməsi, ifadə vasitələrinin zənginliyi müsabiqə yazıları üçün əsas götürüləcək.
Yazılar 9-11 min işarədən çox olmamalıdır. Materialda “Yazı Azərbaycan Mətbuat Şurasının «Azərbaycan beynəlxalq münasibətlər sistemində” mövzusundakı müsabiqəsinə təqdim edilir” qeydi olmalıdır. Yazılar 2014-cü ilin mart ayının 1-dən mayın 1-dək hər gün saat 10.00-dan 17.00-a qədər Bakı şəhəri, Məmməd Araz küçəsi 4 ünvanında (keçmiş Teymur Əliyev 38, Azərbaycan Mətbuat Şurasının ofisi) qəbul ediləcək.