Rəsul Rəzəvi Güney Azərbaycan türklərinin milli haqlarının təmini uğrunda apardığı dinc mübarizəyə görə 50 gündən çoxdur İran ETTELAAT-ının Təbrizdəki şöbəsinin təcridxanasında saxlanılır.
Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, onun sağlıq durumu naməlum olaraq qalır.
Xəbərlərə əsasən, dindirilərkən o, ağır psixi və fiziki işgəncələrə məruz qalıb. Ailəsi müraciət etdiyi bütün hökumət qurumlarından Rəsul Rəzəvi barədə məlumat əldə edə bilməyib. Onunla görüşə də icazə verilmir.
Təbriz prokurorluğunun Məhəmmədzadə soyadlı müstəntiq isə Rəzəvinin ailə üzvlərini təhqir edərək görüşə imkan yaradılmayacağını bildirib.
ETTELAAT-ın Təbriz şöbəsinin əməkdaşları Rəsul Rəzəvini 2013-cü il dekabrın 4-də atasının evində tutub. Dekabrın 5-də isə evdə yoxlama aparılıb, ona məxsus Azərbaycan türkcəsində kitablar və başqa şəxsi əşyalar götürülüb.
R.Rəzəviyə qarşı irəli sürülən ittihamlar indiyə kimi məlum deyil.