Konstitusiya Məhkəməsi hakimlərinin və Ombusdman Aparatı işçilərinin də maaşında artım olacaq
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi sədrinin və Ombudsmanın aylıq vəzifə maaşları artırılır.
Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı müvafiq olaraq “Azərbaycan respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” və “Konstitusiya məhkəməsi haqqında” qanunlara dəyişikliklər edilir.
“Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” qanunun 16.1-ci maddəsinə edilən təklif olunan dəyişikliyə əsasən, Ombudsmanın maaşı 1800 manatdan 2025 manata qaldırılır. Ombusdmanın maaşına edilən artım qanuna müvafiq olaraq Ombusdman Aparatı işçilərinin də maaşına təsir edəcək.
“Konstitusiya məhkəməsi haqqında” qanunun 71.2-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən isə Konstitusiya Məhkəməsi sədrinin aylıq vəzifə maaşı 1785 manatdan 2120 manata qaldırılır. Artım Konstitusiya Məhkəməsinin hakimlərinin də aylıq maaşlarına müvafiq olaraq təsir edir.
Layihə növbəti plenar iclasda Milli Məclisdə müzakirə olunacaq.