"Hazırda ölkəmizdə məişət zorakılığının qurbanına çevrilən qadınların sayı artmayıb. Statistikaya baxsaq, məişət zorakılığın qurbanına çevrilən qadınların sayının azaldığını görərik".
APA-nın məlumatına görə, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, ölkəmizdə aparılan maarifləndirici tədbirlər bu kimi halların azalmasına gətirib çıxarıb: "Burada bir məsələ var ki, əvvəllər bu kimi hallar daha çox qapalı saxlanılır, onların haqqında məlumat verilmirdi. Lakin indi bizim problemlərin aradan qaldırılması ilə bağlı gördüyümüz işlər nəticəsində bu kimi hallar daha çox aşkar edilir. Artıq bu barədə danışdığımıza görə cəmiyyətdə belə təsəvvür yaranır ki, məişət zorakılığının qurbanına çevrilən qadınların sayı artmaqdadır".
Belə təsəvvürün yaranmasında KİV nümayəndələrinin də rolunun olduğunu deyən komitə sədri təəssüflə bildirib ki, bir çox hallarda məişət zorakılığı ilə bağlı məsələlər cəmiyyətə populist şəkildə çatdırılır: "Bu cür münasibət mənfi hallara gətirib çıxarır. Əksinə, məsələyə həssas yanaşılmalıdır. Məişət zorakılığına məruz qalanın adını çəkmək onu müzakirə etmək heç də müsbət nəticə vermir. Məsələlərə xüsusi diqqət yetirməli, incə məqamlara incə yanaşılmalıdır".