Abşeron rayonu Saray qəsəbəsində yaşayan jurnalist Ağaşirin Məmmədli daxişi işlər naziri Ramil Usubova müraciət edib. Lent.az xəbər verir ki, Ağaşirin Məmmədli bildirib ki, bu il yanvarın 2-də axşam saat 20.00 radələrində Sumqayıtdakı "Fanfun” əyləncə mərkəzinin yaxınlığında saxladığı "Hyundai” markalı avtomobilindən naməlum şəxs və ya şəxslər tərəfindən oğurluq edilib. Jurnalistin həyat yoldaşının avtomobildə olan çantası oğurlanıb. Çantada təxminən 8200 manat dəyərində qızıl-zinət əşyaları olub.
Ağaşirin Məmmədli əlavə edib ki, oğurluq faktı Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsində araşdırılsa da, oğrular tapılmayıb.
Qeyd edək ki, keçən ilin yayında A.Məmmədlinin evi də qarət edilib. Həmin iş Abşeron rayon Polis İdarəsinin araşdırılsa da, oğurluğun üstü açılmayıb.
A.Məmmədli əvvəllər "Avrasiya”, "Bu gün” və bir sıra qəzetlərdə çalışıb. Hazırda "Ekspert” qəzetinin əməkdaşıdır.