Bakının Binəqədi rayonu, Azadlıq prospekti 176, bina 18 ünvanında yerləşən 16 mərtəbəli binada yanğın baş verib.APA-nın xəbərinə görə, yanğın binanın 15-ci mərtəbəsində yerləşən 38 nömrəli mənzildə qeydə alınıb.
Bina sakinlərinin bildirdiyinə görə, mənzilin sahibi Züleyxa Rəhimova sözügedən ünvanda ruhi xəstə olan qızı ilə yaşayır. Yanğın baş verən kimi ev sahibi Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Binəqədi Rayonu Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğın söndürülərək, qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı tüstüdən zəhərlənən ev sahibi və qızı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.