Hacı İbrahim şirkətində baş vermiş oğurluqdan danışdı
08 dekabr 2013 20:38 (UTC +04:00)

Hacı İbrahim şirkətində baş vermiş oğurluqdan danışdı

Dekabrın 7-də Bakıda məşhur iş adamı Hacı İbrahim Nehrəmliyə məxsus “Avesta” Konsernində soyğunçuluq faktı qeydə alınıb.

 

Daxili İşlər Nazirliyinin hadisə ilə bağlı yaydığı məlumatda bildirilib ki, Nərimanov rayonu, M.Araz küçəsində yerləşən “Avesta” Konserninə girmiş Əlizamin və Füzuli adlı şəxslər orada xəzinədar işləyən Bakı şəhər sakini Vüqar Babayevi xəncərlə hədələyərək xəzinədə olan 135 min manat pulu götürüb “İnfiniti” markalı avtomobildə hadisə yerindən uzaqlaşıblar. Bakı BPİ Dövlət Yol Polisi İdarəsi, Nərimanov RPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin şirkətin mühafizəçisi və Neftçala rayon sakini Əlizamin Əliyev tutulublar.

 

Bununla bağlı “Yeni Müsavat”a danışan Hacı İbrahim Nehrəmli deyib ki, oğurluğu mühafizə xidmətinin rəhbəri Füzuli Nəbiyevin başçılıq etdiyi dəstə törədib: “Mən Dubayda ezamiyyətdə idim. Getmədən öncə tapşırmışdım ki, Füzulini işdən çıxarsınlar. Çünki ondan şübhələnmişdim. Tez-tez çantamdan, maşından pulum yoxa çıxırdı. Hara getməyim, kimlərlə görüşməyim haqda ora-bura məlumat verirdi. Dəfələrlə özünə xəbərdarlıq etdim, onu düz yola qaytarmaq istədim, alınmadı. Ona görə də xaricə getmədən öncə tapşırdım ki, Füzuli işdən çıxarılsın. Amma demişdim ki, maaşını ödəyin, sonra. O da dekabrın 7-də ofisə maaş almaq adıyla gəlib. 7 nəfərlik bandit dəstəsi ilə gəlib. Beş nəfər aşağıda gözləyib, Füzuli və Əlizamin Əliyev yuxarı qalxıblar. Əlizamin Füzulinin qohumudu, bizim ofisin arxasında yeni tikilən binanın komendatıdır. Onu işə Füzuli düzəldib. Onlar kassirin boğazına xəncər dirəyib, kassadakı 135 min manatı aparıblar. O pul işçilərin maaş idi. Dünən maaş verilməliydi”.

 

İş adamı bildirdi ki, Füzuli oğurluq zamanı onu və ailə üzvlərini hədələyib: “Qışqırırmış ki, Hacı İbrahimin oğlanlarını gedib xaricdə öldürəcəm. Ailəsini məhv edəcəm, heç kim də məni tuta bilməz”.

 

Hacı İbrahim polisi fakta laqeyd yanaşmaqda, hətta saxlanılanları sərbəst buraxmaq istəməkdə də ittiham edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2807
avatar

Oxşar yazılar