APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri səfir Azər Hüseyn açaraq 1992-ci ildə baş verən Xocalı soyqırımının tarixi barədə gürcü və azərbaycanlı ictimaiyyət nümayəndələrinə ətraflı məlumat verib. Səfir çıxışında bildirib ki, Xocalı soyqırımı əsl vandalizmdir. O, qeyd edib ki, soyqırımdan 22 il ötməsinə baxmayaraq hələ də beynəlxalq hüquq, Cenevrə Konfransı, Vətəndaş və Hüquq Sazişləri, Beynəlxalq Uşaq və Qadınlar Bəyannaməsinə məhəl qoyulmayıb: “Bu dəhşətlərin ən başlıcası seperatizmdir. Əminəm ki, nəinki Şuşada, eləcə də Xocalıda bayraqlarımız dalğalanacaq və Azərbaycan və Gürcüstan torpaqlarında sülh bərqərar olacaq.” Sonra Azərbaycan səfiri Xocalı soqırımı qurbanlarının xatirəsini yad etmək üçün bir dəqiqəlik sükut elan edib.
Tədbirdə Gürcüstan parlamentinin deputatı Mahir Dərziyev, Abxaziya qaçqını Konstantin Quçixidze, Gürcüstanın xalq artisti Anzor Şomaxiya, parlament deputatı Demur Başeleişvili, Suxumi Dövlət Universitetinin professoru Quram Marxuliya, əməkdar artist Zurab Buxradze və başqaları Xocalı soyqırımı törədənləri lənətləyərək, bir daha belə faciələrin Cənubi Qafqazda təkrar olunmamasını vurğulayıblar.
Tədbirdə “Xocalı soyqırımı” filmi nümayiş etdirilib, səfirlik binasının foyesində Xocalı soyqırımını əks etdirən foto-şəkillər, kitablar, kasetlər və broşurların sərgisi keçirilib.
Qeyd edək ki, bu gün gürcü dilində nəşr olunan “Sakartvelos Respublika” qəzetində Azərbaycan səfirliyinin təşəbbüsü və müəllifliyi ilə Xocalı haqqında geniş yazı dərc olunub.