Açılış mərasimində Prezident Administrasiyası hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və digər rəsmi nümayəndələr iştirak ediblər.
Gəncə şəhər İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, Mərkəzdə 9 dövlət qurumu tərəfindən həyata keçiriləcək 25 hüquqi və 22 funksional yardımçı xidmətlərdən Gəncə ilə yanaşı, Azərbaycanın daha 10 rayonunun əhalisi də istifadə edə biləcək. Ümumilikdə, Mərkəz 1 milyon nəfərə yaxın vətəndaşa xidmət göstərəcək.
Mərkəzin inzibati binasının sahəsi 4 min kv. metr olmaqla, 4 mərtəbədən ibarətdir. Bina və binanın qarşısında parkın tikintisi üçün Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən 6 500 kv. metr sahə ayrılıb.