Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xocalı soyqırımının 25-cü ildönümünə həsr olunmuş anma tədbiri keçirilib. Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, toplantını giriş sözü ilə açan akademiyanın rəisi general-mayor Pənah Süleymanov Sovet ordusuna məxsus 366-cı motoatıcı alayın iştirakı ilə erməni qəsbkarları tərəfindən reallaşdırılmış Xocalı soyqırımını XX əsrin ən böyük faciələrindən biri adlandıraraq qeyd edib ki, həmin müdhiş hadisə nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.
Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib ki, erməni millətçilərinin tarix boyu xalqımıza qarşı həyata keçirdikləri məkrli siyasət, o cümlədən Xocalı soyıqımı barəsində gənc nəslə, xüsusən də kursantlara, əsgərlərə ətraflı məlumat verilməli, düşmənin kimliyi tanıdılmalıdır. Nazir müavini Xocalıda baş verən həmin hadisələrə ilk dəfə hüquqi-siyasi qiymətin ulu öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb və həyata keçirilmiş soyqırımı cinayəti ilə bağlı həqiqətlərin dünya miqyasında təbliğində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Heydər Əliyev Fondunun əvəzsiz xidmətlərindən danışıb. O, əmin olduğunu bildirib ki, Ali Baş Komandanın rəhbərliyi ilə dədə-baba yurdlarımıza qayıdacağımız gün uzaqda deyil və məhz o gün şəhidlərimizin ruhu şad olacaq.
FHN işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş hadisəni erməni millətçi ünsürlərinin azərbaycanlılara qarşı həyata keçirdiyi kütləvi qırğın aksiyası adlandırıb. O, azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı və deportasiya tarixinə qısa ekskurs edərək bildirib ki, qan yaddaşımıza çevrilmiş bu hadisə unudulmamalı, soyqırımı qurbanlarının xatirəsi qəlbimizdə əbədi yaşamalıdır.
Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Vahid Əliyev Xocalıda baş vermiş soyqırımı aktının xalqımıza qarşı planlı şəkildə gerçəkləşdirilmiş terror, deportasiya və etnik təmizləmə siyasətinin tərkib hissəsi kimi, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu diqqətə çatdırıb. Natiq Xocalı soyqırımının baş verməsində erməni təcavüzkarları ilə yanaşı o zamankı siyasi rəhbərliyin də məsuliyyət daşıdığını bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, professor Elman Nəsirov tarixin dərsləri ilə qiymətli olduğunu vurğulayaraq xalqımızın başına gətirilmiş bu kimi faciələrdən nəticə çıxarmağın vacibliyini nəzərə çatdırıb. Xocalı hadisələrinin bütün əlamətlərinə görə beynəlxalq terror aktı olduğunu bildirən deputat bu hadisənin günahkarlarının layiqli cəzalarının alacaqlarına əminlik ifadə edib.
Çıxışlardan sonra tədbir iştirakçıları İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Soyqırım tarixinin dastanı” tamaşasını izləyib.