- Heydər Əliyevi necə xatırlayırsınız?
- Ümummilli lider mənim xatirəmdə, dünyanın ən gözəl insanlarından biri kimi, işıqlı dünyanın ilahi tərəfindən yaradılmış ən gözəl, qədd-qamətli boy-buxunlu, fiziki cəhətdən çox sağlam, həmişə yadda qalan və yaradılmışların əksəriyyətindən fərqlənən, seçilən gözəl insan kimi yadda qalıb. Heydər Əliyevin rəhbərliyi altında uzun müddət işlədiyim üçün onu şəxsi keyfiyyətlərini, onun iki mənada-rəhbərlik sahəsindəki çox böyük yüksək keyfiyyətlərini bu gün də xatirəmdə canlandırıram və hesab edirəm ki, o nadir insanlardan biri idi ki, onda böyük uzaqgörənlik, məxsus olduğu insanlara, xalqa, torpağa böyük sədaqət hisslər var idi. Və o hisslər tamamilə onun vücudunda idi, varlığında idi. Eyni zamanda Allah-taala Heydər Əliyevi çox böyük işıqlı şəxsiyyət kimi yaratmışdı. O işıq ilk dəfə görəndən bu günə qədər də gözümün qabağından getmir. Heydər Əliyev yüksək insani keyfiyyətlərə malik bir şəxsiyyət idi. Ədaləti, düzlüyü, səmimiyyəti, insani keyfiyyətləri xüsusilə qiymətləndirən, ona məna verən bir böyük şəxsiyyət idi. Heydər Əliyevdə müqəddəs ideyalar, əməllər ətrafında insanları ətrafına yığmaq, öz arxasınca aparmaq qabiliyyəti var idi. Ona məxsus olan ən böyük keyfiyyətlərdən biri də səmimi olmaq idi. Ona görə də Heydər Əliyev ilk baxışda onunla təmasda, ünsiyyətdə olan insanları inandırır və onları doğru yola, düz yola istiqamətləndirməyi bacarırdı.
O, çox böyük bir ağsaqqal idi. 1969-cu ilin iyununda Azərbaycanda rəhbərliyə gələndə onun hələ 46 yaşı var idi. Ancaq o qədər müdrik idi, o qədər təkmil zəkaya, biliyə, ağla sahib idi ki, o zaman Azərbaycanda gedən prosesləri istiqamətləndirməyi bacardı. Heydər Əliyev Azərbaycan kəndlisinə torpaqdan istifadə etməyi, becərməyi, məhsul almağı öyrətdi. Azərbaycan kəndlisinə özünə ev-eşik tikməyi, ev-eşik sahibi olmağı, həyət-baca sahibi olmağı Heydər Əliyev təlqin elədi. Azərbaycan insanına öz övladlarını oxutmasına, təhsil verməsinə, irəli çəkməsinə, orta məktəb məzunlarının Azərbaycandan kənara çıxmasına, o zaman ünlü olan təhsil müəssisələrində təhsil almasına Heydər Əliyev şərait yaratdı. Bunların hamısı bir yol idi, bir istiqamət idi və həmin dövrdə, SSRİ dövründə, o, Azərbaycanın müstəqilliyinin əsasını qoyurdu. Onda bir müstəqil fəaliyyət keyfiyyəti var idi. O vaxt biz ittifaqın respublikası idik və Moskvadan idarə olunurduq. Belə bir kəskin vəziyyətdə Heydər Əliyev Azərbaycanın müstəqilliyini təmin etdi. O Azərbaycan xalqı, insanı üçün nə düşündüsə, onu həyata keçirməyi bacardı. Bunun nəticəsində Azərbaycan torpağı varlı, bərəkətli torpağa çevrildi. Susuz torpaqlara su çəkdi, susuz kəndlərə içməli su verdi. Azərbaycanda o zaman mövcud olmayan yollar inşa elədi. Həmin dövrdə Azərbaycanda pambıqçılığı, üzümçülüyü, taxılçılığı inkişaf etdirməklə respublikamızı bir xeyir-bərəkət respublikasına çevirdi. Bunlar hamısı mənim gözümün qabağında baş verib və ulu öndərə aid olan xatirələrdir.
Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gələndə ayrı-ayrı qüvvələrin, xüsusilə bədnam qonşuların Azərbaycandan olan ərazi iddialarının qarşısını tamamilə aldı. Heç kəs cəsarət edib bu mövzuda danışa bilmədi. Heydər Əliyev həmin dövrdə Azərbaycan dilini Konstitusiyada daxil etməklə dövlət dili elan etdi. Bu bizim bugünkü müstəqilliyimizin fundamenti idi.
Mən Ordubadda çalışmışam. Ordubad meyvəçilik rayonudur. Onun hakimiyyəti dövründə Ordubad çox böyük meyvəçilik rayonuna çevrildi. On min tonlarla ərik, şaftalı, heyva və digər dadlı, ləzzətli meyvələr istehsal olundu. Konserv zavodları tikildi, həmin konserv məhsulları o zaman SSRİ ərazindəki ölkələrə vaqonlarla göndərilirdi. Eyni zamanda, mədəniyyət evlərinin, məktəblərin, səhiyyə müəssisələrinin tikintisi başlandı. Bu gün həmin yol davam edir. Hörmətli prezidentimiz cənab İlham Əliyev bu yolu davam etdirir. Artıq Azərbaycanda daha böyük sürətlə, daha müasir, daha gözəl, daha dünya miqyaslı məktəblər, səhiyyə müəssisələri, yollar, idman kompleksləri və insana xidmət edən nə varsa, hamısı tikilir. Bunun başlanğıcını Heydər Əliyev hələ o zaman qoymuşdu. Heydər Əliyev bir daşı bir daşın üstünə qoyanda çox sevinirdi. Sevinirdi ki, Azərbaycan xalqına xidmət edən bu işlər var. Mənim yaxşı yadımdadır, ulu öndəri bizim ağır günlərimizdə, Sovetlər İttifaqının dağılması prosesində hakimiyyətdən kənarlaşdırdılar. Hətta o Azərbaycanda da özünə yer tapa bilmədi və Naxçıvana gəldi. Belə bir vaxtda Naxçıvanı işğaldan qurtardı. Həmin dövrdə mən ulu öndərin hər zaman yanında olmuşam. O, hər gecə səhərə kimi blokadada olan Naxçıvanı çörəklə təmin etmək üçün qonşu ölkələrdən şəxsi nüfuzundan, hörmətindən istifadə edərək aldığı ərzaqların yolunu gözləyib. Yuxusuz gecələr keçirirdi, soyuq kabinetlərdə cəmiyyətə zidd olan qüvvələrin, parçalanmış, hissələrə bölünmüş qüvvələrin bir yerə yığılması, ayrı-ayrı silahlı qrupların bir-birinə qarşı yox, düşmənə qarşı yönəldilməsi üçün yuxusuz gecələr keçirirdi. Onlara izah etmək, onları başa salmaq, onları bir yerə yığmaq üçün öz müdrik xüsusiyyətlərindən istifadə etdi və Naxçıvanı bəladan qurtardı. Çox cəsarətli bir kişi idi Heydər Əliyev. Heç nədən qorxmurdu. Mənim yadımdadır, blokada dövrü idi, sərhədlərdə döyüşlər gedirdi. Belə bir vaxtda Ermənistanda sərhəddə olan Sədərək məntəqəsinə getdik. Mən orada gördüm ki, Ermənistan tərəfdə qəbiristanlıqdakı qəbir daşlarının arxasından avtomat lülələrə bizə tərəf yönəlib. Mən müraciət etdim ki, Heydər Əliyev, ora getmək olmaz, orada silahlı adamlar var, hamısı da silahlarını bizə doğru tutublar. O heç nədən qorxmadı. Dedi, qoy vursunlar məni. Mən gedib görməliyəm ki, orada vəziyyət necədir. Doğrudan da cəsarət edib getdi. Biz də ürəklənib onunla getdik. Məndə belə xatirələri qalıb. O qorxmaz insan idi, heç nədən qorxmurdu. İradəli idi, öz taleyinin sahibi idi. Buna görə də istər siyasi mübarizədə, istər o cür fəlakətli anlarda heç nədən qorxmandan, yalnız və yalnız xalqı blokadadan, işğaldan qurtarmaqdan ötrü çox cəsarətli hərəkət etdi. Çox mülayim və yumşaq ürəyə malik idi. İlk dəfə Naxçıvanda hakimiyyətlə gələndə hər dəfə sərhədlərdən şəhidlər gəlirdi. Heydər Əliyev onların hər birinin yasına gedir, dəfnində iştirak edir, onlara ürək-dirək verirdi. Deyirdi ki, belə qalmayacaq, biz qalib gələcəyik. Biz bu məsələni həll edəcəyik. Doğrudan da Naxçıvanı o bəlalardan Heydər Əliyev qurtardı. Azərbaycan xalqı o zaman müdriklik göstərdi, öz xilaskarını gördü, ulu öndəri Azərbaycana dəvət etdi və Heydər Əliyev Azərbaycanı da işğaldan qurtardı. Heydər Əliyev Azərbaycana rəhbərliyə gəlməsəydi, bugünkü müstəqil Azərbaycanımız yox idi.
- Heydər Əliyev hakimiyyətə gəldikdən sonra görülən işləri necə qiymətləndirirsiniz?
- O xalqın təkidi və tələbi ilə Azərbaycan gələndən sonra aldanmış, guya Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan o mənfur qüvvələr yenə də öz ambisiyalarından əl çəkmirdilər. Azərbaycanda ayrı-ayrı silahlı dəstələr əmələ gəlmişdi. Azərbaycanda regionçuluq mübahisələri yaranmışdı. Azərbaycanı didmək, parçalamaq istəyirdilər. Bu həmin insanların öz proqramı deyildi, onlar tələyə düşmüş adamlar idilər. Onlar xaricdən, kənardan yazılmış ssenarinin icraçıları idilər. Bu ağır, çətin vəziyyəti yalnız Heydər Əliyev dühası dərk edə, anlaya bilərdi. Çünki o hər şeyi bilirdi. Heydər Əliyevin özünün içərisində bir ilahi vergi var idi. Ona görə də həmin dövrdə silahlı dəstələrin qarşısının alınması, onlarının öz yerinə oturdulması, çevriliş cəhdlərinin qarşısının alınması böyük ağıl, cəsarət, təmkin tələb edirdi. Heydər Əliyev xalqı ətrafına yığmaqla Azərbaycanı onlardan xilas elədi, Azərbaycanın müstəqilliyi təmin olundu. Elə bir zaman, dövr , saat gəlib çatdı ki, artıq o qüvvələr öz ssenarilərini həyata keçirmək, niyyətlərinə nail olmaq ərəfəsində idilər. Belə bir vaxtda Heydər Əliyev sevdiyi, onun arxasında olan, ürəyində olan və ona inanan xalqı səslədi. O zaman prezident iqamətgahının ətrafına bütün Azərbaycan yığışdı, xalq yığışdı, millət yığışdı. Onun səsinə səs verdilər və Azərbaycan bu fəlakətlərdən qurtardı. Mənə elə gəlir ki Heydər Əliyev müdrikliyi onun sağlığında bunların qarşısını nə qədər almışdısa, zaman-zaman İlham Əliyev dövründə bunların qarşısı alındı. Çünki xalqa arxalanan, xalqı hər zaman öz arxasında görən, qəlbində Azərbaycan insanına məhəbbət olan rəhbər həmişə qalib olur. Bir daha təkrar edirəm ki, sonuncu prezident seçkiləri 10 il müddətində xalqın həmrəylik səsi ilə Heydər Əliyev yolunu daha 5 il də davam etdirmək imkanı yarandı. Hörmətli prezidentimiz Azərbaycan üçün, onun beynəlxalq aləmdə yerini möhkəmlətmək üçün imkan əldə etdi.
- Heydər Əliyevlə son görüşünüzü necə xatırlayırsınız?
- Ulu öndərin 70 illiyini Naxçıvanda qeyd etdik. Özünün çox da razılığı olmadan kiçik bir məclisdə, Azərbaycanın da bir çox yerlərindən gəlmiş qonaqlarla birlikdə Naxçıvanda qeyd etdik. Bu, mənim xatirəmdədir. Ulu öndər məhz həmin kiçik məclisdə də öz sözlərini demişdi, öz fikirlərini demişdi. Azərbaycanın bu gününün görərək dediyi sözlər mənim xatirəmdədir. O dedi ki, Azərbaycan xalqının yaxşı yaşamaq haqqı var. Azərbaycan dövlətinin dünyanın ən gözəl dövləti olması haqqı var. Bu haqqı da özü yaratdı. Bu görüşlərdən biri xüsusilə yadımdadır. Məmməd Arazla bağlı bir məsələ var idi. Bu barədə mən məruzə etdim və dərhal göstəriş verdi, Məmməd Arazın həyat şəraiti yaxşılaşdı, ev şəraiti yaxşılaşdı, nə arzusu vardısa, yerinə yetdi. O zaman mənə dedi ki, "bilirsiniz, adamlara qayğı göstərmək lazımdır. Bəzi adamlar bu cür şəxslərə laqeydlik göstərirlər, fikir vermirlər. Xahiş edirəm ki, həmişə belə məsələlər olanda mənim xəbərim olsun".
- Heydər Əliyev olmasaydı, Azərbaycanın bu gün vəziyyəti necə olardı?
- Ümummilli lider olmasaydı, müxtəlif qruplaşmalar Azərbaycanı parçalayacaqdı. Azərbaycanın bir hissəsi Şərqə, bir hissəsi Qərbə, bir hissəsi Şimala, bir hissəsi də Cənuba parçalanacaqdı. Müstəqil Azərbaycan, bugünkü Azərbaycan olmayacaqdı. Allah böyük, Azərbaycan xalqı müdrik xalqdır. Azərbaycan xalqının münbit torpaqları, yaradıcı insanları, Füzulisi, Nizamisi var. Azərbaycanda Vaqif, Vidadi nəsli yaşayır. Səməd Vurğun nəsli yaşayır. Azərbaycan elə-belə Azərbaycan deyil. Bu xalqın möhtəşəm bir dövlət kimi yaşamağa haqqı var. Azərbaycan dünyada tanınır, Avropada tanınır, okeanın o tayında tanınır, Şərqdə tanınır, Afrikada tanınır. Dünyanın bütün qitələrində Azərbaycan insanı var, Azərbaycan sözü var. Azərbaycan məfhumu var. Azərbaycan mədəniyyəti, Azərbaycan incəsənəti bizim hörmətli prezidentimizin rəhbərliyi sayəsində, onun hamı tərəfindən sevilən xanımının fəaliyyəti, Heydər Əliyev Fondunun fəaliyyəti sayəsində artıq daha geniş miqyasda tanınır. Azərbaycan var, yaşayır, əbədi olaraq yaşayacaq.