Bakı Apellyasiya Məhkəməsində fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videoda görüntüsü olan Natiq Babaşov və ABU-ya işə düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Mirsahib Məcidovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, məhkəmə təqsirləndirilən şəxslərin vəkilləri tərəfindən verilmiş apellyasiya şikayətlərini təmin etməyib.
Qeyd edək ki, E. Abdullayevin ötən il iyul ayında yaydığı videoda Natiq Babaşov özünü prezidentin mühafizə xidmətinin əməkdaşı kimi təqdim edir və Mahir Abdullayevi gətirməyə söz verir.
M. Məcidov isə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinə bir nəfəri işə düzəltmək adı ilə pul alıb və həmin şəxsin şikayəti əsasında axtarışa verilib.
Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M. Məcidov tutulub.
Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müxtəlif bəndələrinə əsasən ittiham edilən təqsirləndirilən şəxslərin hər biri Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.