Fəaliyyətini dayandırmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev həbsdə olan iş adamı Arzu Kazımovla aralarında olan söhbətin səs yazısını yayıb. APA-nın “Azadlıq” TV-yə istinadən verdiyi məlumata görə, səs yazısı A. Kazımovun iş otağında lentə alınıb.
Söhbətdə E. Abdullayev, İsmayıl Abdulayev və Arzu Kazımov iştirak edib. Səs yazısından məlum olur ki, A. Kazımov M. Abdullayevin azad edilməsi üçün E. Abdullayevdən külli miqdarda pul alıb. A. Kazımov bildirir ki, aldığı pulu daxili işlər nazirinin müavini, general Zahid Dünyamalıyevə çatdıracaq (Z. Dünyamalıyev o vaxt sağ olub).
Səs yazısında E. Abdullayev təkidlə A. Kazımovdan Z. Dünyamalıyevə zəng etməyi tələb edir. Lakin A. Kazımov generala zəng etməkdən boyun qaçırır.
Dialoq zamanı o da məlum olur ki, A. Kazımov aldığı pulu qaytara bilmədiyi üçün inşa etdirdiyi binadan E. Abdullayevə mənzillər təklif edib.