“Böyük xalqların liderlər yetişdirməsi adi hadisədir. Lakin kiçik xalqların milli hüdudları keçən və dünya tərəfindən qəbul olunan lider yetişdirməsi özü tarixi hadisədir. Mən Azərbaycan xalqını kiçik xalqlar sırasına aid eləməyi ədalətsiz hesab edirəm, ancaq say etibarilə yəqin ki, xalqımız böyük xalqlar arasında deyil. Bu baxımdan Azərbaycan xalqının Heydər Əliyev kimi lider yetişdirməsi tarixi, fenomenal hadisədir”.
Lent.az-ın məlumatına görə, bu sözləri mərhum prezident Heydər Əliyevin ölümünün 10-cu ildönümü ilə bağlı keçirilən anım tədbirində çıxış edən Yeni Azərbaycan Partiyasının icra aparatının rəhbəri, baş nazirin müavini Əli Əhmədov deyib.
O bildirib ki, heç bir xalq heç bir millət milli qürur mənbəyinə çevrilmiş liderini unutmaz və unutmur: “Bütün zamanlarda liderin ədalətliliyi hakimiyyətə və rəhbərə qiymət verməyin ən başlıca səbəbi olub. Heydər Əliyevin də “qoy ədalət zəfər çalsın” ideyası sadəcə onun siyasi platforması yox, onun qəlbinin səsi, söykəndiyi siyasi ideologiyanın təməli idi”.
Ə.Əhmədovun sözlərinə görə, ona görə də hər bir Azərbaycan xalqının qəlbində Heydər Əliyevin ədalətli obrazı var: “Heydər Əliyev eyni zamanda nümunə göstərməyi bacaran bir lider idi. O, vətəndaş, insan, azərbaycanlı, sədaqətli dost, sədaqətli ailə başçısı nümunəsi göstərirdi. Hər bir ləyaqətli azərbaycanlı Heydər Əliyevdə özünü görür, ona oxşamağa çalışırdı. Bütün bunlara görə Heydər Əliyevi unutmaq mümkün deyil. Heydər Əliyev Azərbaycan xalqının milli düşüncəsinin tərkib hissəsi, Azərbaycan inkişafına işıq saçan əbədi bir mayakdır”.
Əli Əhmədov: “Heydər Əliyevi unutmaq mümkün deyil”
691