Ehsan Zahidov: ” Bu, məqsədli şəkildə uydurulmuş iddiadır”
14 noyabr 2013 12:23 (UTC +04:00)

Ehsan Zahidov: ” Bu, məqsədli şəkildə uydurulmuş iddiadır”

Ehsan Zahidov: “Hamımızı narahat edən məsələnin guya iki dövlət qurumu arasındakı problemlə bağlı olmasını iddia etmək məntiqsizdir”


 

Daxili İşlər Nazirliyi son günlər bəzi mətbuat vasitələrində Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi arasında ciddi problemlərin olması, hətta bu iki dövlət qurumu əməkdaşlarının biri-birinə rəqib gözü ilə görməsi ilə bağlı iddialara cavab verib.

 

Bununla bağlı APA-nın sorğusunu cavablandıran DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov deyilənlərin tamamilə əsassız və uydurma olduğunu bildirdi: “Bu kimlərinsə məqsədli şəkildə uydurduğu bir iddiadır. Hər iki dövlət qurumu qanunla müəyyən olunmuş funksiyaları yerinə yetirərək, birlikdə nəqliyyatın hərəkətinin tənzimlənməsini həyata keçirirlər. Bəli, etiraf etmək lazımdır ki, günün “pik saatları”nda paytaxtın bəzi küçə və prospektlərində avtomobil sıxlığı, tıxaclar müşahidə olunur. Lakin hamımızı narahat edən bu məsələnin guya iki dövlət qurumu arasındakı problemlə bağlı olmasını iddia etmək bütünlükdə məntiqsiz və qərəzli bir yanaşmadır. Əksinə, bu iki dövlət qurumunun əməkdaşları, üzərilərinə düşən xidməti vəzifələrini sıx əməkdaşlıq formasında yerinə yetirirlər. Bəlkə də onların belə əməkdaşlığı, birgə işgüzar münasibətləri kimlərinsə maraqlarına uyğun olmadığı üçün özlərindən qondarma “problem”lər uydurub KİV-lərə ötürürlər”.

 

E. Zahidov vətəndaşları, xüsusən də sürücüləri belə uydurma dedi-qodulara fikir verməməyə, yol-hərəkəti qaydalarına daha da ciddi riayət etməyə çağırıb.

 

# 771
avatar

Oxşar yazılar