Daxili İşlər Nazirliyi fevralın 26-da ölkə ərazisində baş vermiş ağır yol qəzaları ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, saat 07 radələrində Tovuz rayonu Əyyublu kəndinin ərazisində Elçin Nəzərovun idarə etdiyi “Mercedes” markalı və Gəncə şəhər sakini Saleh Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub, “Mercedes” markalı avtomobil aşdıqdan sonra yanğın baş verib. E.Nəzərov və sərnişini, Yuxarı Öysüzlü kənd sakini Seymur Zeynalov ölüb, Ş.Məmmədov xəstəxanaya yerləşdirilib.
Bundan başqa Ağdaş rayonu Nemətabad kəndinin ərazisində rayon sakini Tural Mustafayev idarə etdiyi “Mitsubishi” markalı avtomobili aşırıb. Sürücü hadisə yerində ölüb, xəsarət almış sərnişinləri, həmyerliləri Anar Abdullayev və Aqil Qasımov xəstəxanaya yerləşdirilmiş, A.Abdullayev orada ölüb.
Daha bir hadisə fevralın 26-da saat 20 radələrində Samux rayonu Qarayeri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində Sarıqamış kənd sakini Taleh Babayev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolda quraşdırılmış mağara çırpıb. Mağarda olan Qarayeri qəsəbə sakinlərindən Sakit Şəfiyev xəstəxanaya aparılarkən yolda ölüb, Cuma Mehdiyev və Əziz Rüstəmov xəstəxanaya yerləşdirilib.
Hər üç faktla əlaqədar cinayət işi başlanıb.