“Murmanskda silahlı insident zamanı qətlə yetirilən şəxslər Azərbaycan vətəndaşı, yaralanan şəxs isə Rusiya vətəndaşı olub”.
Bunu APA-nın Moskva müxbirinə açıqlamasında Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiya Federasiyasındakı nümayəndəsi, polis polkovniki Eldar Səmədov bildirib.
Onun sözlərinə görə, dekabrın 4-də axşam saatlarında Murmansk şəhərinin Xibinski döngəsi, ev 12 ünvanında yerləşən meyvə-tərəvəz bazasında iki nəfərin qətli, bir nəfərin ağır yaralanması ilə nəticələnən silahlı insident baş verib: “Aparılan araşdırmalar nəticəsində məlum olub ki, qətlə yetirilən şəxslər Azərbaycan vətəndaşları - 1976-cı il təvəllüdlü Sədi Əzizov və 1970-ci il təvəllüdlü Nəriman Axundov olublar. Yaralanan şəxs isə Rusiya vətəndaşı, 1971-ci il təvəllüdlü Həbib Kərimov olub. Qətlin kim və ya kimlər tərəfindən törədildiyi hələ bilinmir”.
E.Səmədov faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2-ci (iki və ya daha çox adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi açıldığını və araşdırmaların aparıldığını söyləyib: “Baş verən hadisə Azərbaycanın Rusiyadakı səfirliyi və Daxili İşlər Nazirliyinin diqqətindədir”.