Rusiyanın Ufa şəhərindəki hava limanında XIX – XX əsrlərə aid dəmir pulları Bakıya aparmaq istəyən Azərbaycan vətəndaşı saxlanılıb. Lent.az-ın Başqırdıstanın Gömrük Xidmətinə istinadən məlumatına görə, gömrük məntəqəsində həmyerlimizin paltar çantasından qanunla müəyyən edilmiş qaydada bəyan edilməmiş 4 dəmir pul aşkarlanıb.
1904-cü və 1924-cü illərə aid 2 qəpikliklər 6,25 qram, 1899-cu ilə aid 3 qəpiklik 8,85 qram, 1845-ci ilə aid 1 qəpiklik 8,75 qram çəkiyə malikdir. Pullar ekspertizaya göndərilib. Onların cəmi 2 min rubl bazar qiyməti olsa da, mədəni-tarixi dəyər əhəmiyyəti kəsb etdiyi açıqlanıb. Adı açıqlanmayan həmyerlimizə qarşı inzibati hüquqpozma maddəsi ilə cinayət işi açılıb.