Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gecə Ağac Emalı zavodunun ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğın dekabrın 23-dən 24-nə keçən gecə saat 04:00 radələrində Bakı şəhəri, Binəqədi rayonunda Ağac Emalı zavodunun ərazisində baş verib. Məlumat daxil olan kimi FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Binəqədi və qonşu rayonların yanğınsöndürmə qüvvələri hadisə yerinə cəlb edilib.
Baş verən yanğın zamanı ümumi sahəsi 2000 kv.m olan mebel məmulatları istehsalı sexinin yanar konstruksiyaları və içərisində olan məmulatlar 600 kv.m sahədə yanıb. Eyni zamanda sexin dam örtüyünün bir hissəsi uçub. Yanğının fəsadlarının aradan qaldırılması zamanı Binəqədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürəni Eyvazov Zaur Tahir oğlu beton plitənin üzərinə düşməsi nəticəsində həlak olub.
Yanğın saat 06:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.
Müvafiq qurumlar tərəfindən araşdırma aparılır.