Paytaxtda fəaliyyət göstərən bəzi apteklərdə güclü təsir edən dərmanların qanunsuz satılması barədə vətəndaşlardan daxil olmuş müraciətlər Bakı şəhər prokurorluğunda araşdırılıb. Lent.az xəbər verir ki, Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsinin yaydığı birgə məlumatda qeyd edilir ki, araşdırmalar zamanı Bakı şəhər sakininin əczaçılıq fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya (xüsusi icazə) almadan Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev küçəsi 74 d ünvanında işlətdiyi “Bizim Aptek”in satıcısı tərəfindən müvafiq həkim resepti olmadan narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddə hesab edilən “Tramadol 200 mq” adlı dərmanı kəsilmiş həblər formasında qanunsuz satması müəyyən edilib.
Fakta görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 240.2.2 (təkrarən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma) və 192.1-ci (qanunsuz sahibkarlıq) maddələri ilə cinayət işi başlanaraq istintaqın aparılması Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinə tapşırılıb.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri həyata keçirilir.
Paytaxt ərazisində güclü təsir edən maddələrin qanunsuz satışını həyata keçirən apteklər barədə müxtəlif kütləvi informasiya vasitələrində, eləcə də sosial şəbəkələrdə yayılmış məlumatlar tam, hərtərəfli və obyektiv araşdırılmaqla həmin maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir.