Sosial şəbəkələrdə prokurorluq işçiləri üçün tikilən yeni binanın fotosu yayılıb. Femida.az-ın məlumatına görə, fotoda binanın artıq 6 mərtəbəsinin hazır olduğu görünür. Bununla bağlı Femida.az Baş Prokurorluğun mətbuat xidmətinə sorğu ilə müraciət edib. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, 160 mənzilli, 3 bloklu və 17 mərtəbəli həmin yaşayış binası prokurorluq işçilərinin mənzilə olan ehtiyaclarının ödənilməsi və yaşayış şəraitlərinin yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncamla təsdiq edilmiş “Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair Dövlət Proqramı”na əsasən paytaxtın Xətai rayonu ərazisində inşa edilir: “Dövlət Proqramının icrasının təmin edilməsi məqsədilə binanın kooperativ əsaslarla inşası istiqamətində zəruri tədbirlər həyata keçirilmiş və ötən ilin ortalarından tikinti işlərinə başlanılıb. İnşaat işlərinə yüksək ixtisaslı mütəxəssislər cəlb edilməklə artıq binanın 7-ci mərtəbəsinin tikintisinə start verilib və növbəti ilin oktyabr ayınadək binanın tikintisinin yekunlaşdırılması nəzərdə tutulur”.