Bakıda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.
APA-nın məlumatına görə, hadisə Neftçilər prospektində, Hökumət evinin qarşısında baş verib.
47 yaşlı Eldar Qasımov yolu yeraltı piyada keçidindən yox, qadağan olunmuş yerdən keçmək istəyib. Binnət Əhmədovun idarə etdiyi “Volkswagen” markalı avtomobil piyadanı vurub.
Piyada müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Eldar Qasımovu sürücünün dostları 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıblar. Yaralı piyadanın sərxoş olduğu bildirilir.
Hadisə yerinə Səbail Rayon Polis İdarəsinin və rayon Yol Polis Şöbəsinin əməkdaşları gəliblər. İlkin müayinələr keçirilib, sürücü Binnət Əhmədov ifadəsinin alınması üçün polisə aparılıb.
Qeyd edək ki, Neftçilər prospektinin Hökumət evinin qarşısından keçən hissəsində yeraltı piyada keçidi var.