Bakıdakı Şamama Ələsgərova adına Kliniki Doğum Evində (keçmiş 5 saylı doğum evi) tükürpədici hadisə baş verib.
AzNews.az-ın məlumatına görə, hadisənin şok yaradan məqamı 6 aylıq dölün hamiləlik pozulduqdan sonra 2 saata yaxın yaşaması olub.
Qadının hamiləliyinə qeysəriyyə əməliyyatı ilə son verilib. Əməliyyat zamanı döl çıxarılaraq kənara qoyulub. Təxminən 1 saatdan sonra isə döl dəfn olunmaq üçün torbada ananın yaxınlarına təhvil verilib.
Bundan sonra dölün ölmədiyi, hərəkət etdiyi məlum olub. Abort edilən körpənin ölmədiyini və hərəkət etdiyini görən ananın vəziyyəti pisləşib və o, huşunu itirib. Bundan sonra körpə yeni doğulanların şöbəsinə yerləşdirilib. Lakin körpə qız 2 saatdan artıq yaşamayıb.
Məlumata görə, hadisənin qanundankənar məqamları olduğu üçün həm doğum evi, həm də ana baş verənləri hüquq-mühafizə orqanlarından gizlədib. Doğum evinin rəhbərliyi isə bu əməliyyatı həyata keçirən tibb işçilərini həmin şöbədən uzaqlaşdıraraq başqa şöbəyə keçirib.
AzNews.az-ın sualını cavablandıran doğum evinin baş həkiminin müavini Aygün Qasımova isə məsələ ilə bağlı araşdırma aparıldıqdan sonra dəqiq məlumat veriləcəyini bildirib. Baş həkimin müavininin sözlərinə görə, kritik vəziyyətdə ilk növbədə ananın həyatı ön planda olur: “Hadisənin olub-olmadığını, hansı şəraitdə baş verdiyini deyə bilmərəm. Bunun üçün araşdırma aparılmalıdır.
Ancaq onu deyə bilərəm ki, 6 aylıq körpənin əməliyyat vasitəsilə götürülməsi ananın səhhətindəki problemlərlə bağlı ola bilər. Elə hallar olur ki, kiçik qeysəriyyə kəsiyi vasitəsilə 5-6 aylıq uşaq götürülür. Ancaq indiki halda abort məqsədilə belə bir addımın atıldığı və uşağın 2 saat yaşadıqdan sonra öldüyü barədə məndə heç bir məlumat yoxdur. Baş həkim Xədicə Əhmədova məzuniyyətdədir, noyabrın 15-də qayıdacaq. Onunla bərabər bu məlumat araşdırılacaq”.