Azərbaycanın baş verən oğurluq hadisələrinin üstü açılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə ötən il dekabrın 11-dən bu il martın 3-dək olan müddətdə Gəncə şəhər sakinlərinə məxsus olan 11 avtomobildən və 2 evdən akkumulyator, maqnitafon, geyim və məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini Tofiq Qasımov tutulub.
Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən il mayın 16-dan cari il martın 5-dək olan müddətdə 5 avtomobili qaçırmaqda şübhəli bilinən Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Tahir Abdinov və Natiq Muradov tutulublar.
Şabran RPŞ əməkdaşları tərəfindən ötən il noyabrın 27-dən cari il fevralın 20-dək olan müddətdə rayon ərazisindəki 5 evdən pul, qızıl əşyalar və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Murad Məmmədov və Əhəd Mirzəyev həbs edilib.
Martın 9-da Lənkəran rayonunun Boladi kəndi ərazisindən keçən avtomobil yolunun kənarına çəkilmiş 450 metr tor oğurlanıb.
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Mehdi Eyvazov və Loğman Miriyev tutulublar.
Qaradağ RPİ 11-ci PB-nin əməkdaşları tərəfindən martın 4-də rayon ərazisindəki mağazalardan birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zahid Qubadov tutulub.
Kəpəz RPİ və Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən yanvarın 12-də Gəncə şəhəri ərazisindəki mağazalardan birindən 500 manat pul və spirtli içki oğurlamaqda şübhəli bilinən şəhər sakini Abbas Abbasov tutulub, daha bir nəfər isə müəyyən edilib.
Tərtər RPŞ əməkdaşları tərəfindən martın 3-də və 5-də rayon ərazisindəki 2 bağ sahəsindən 270 xurma tingi oğurlamaqda şübhəli bilinən Qaradağlı kənd sakini Elməddin Əsədov tutulub.