Ağcabədi rayonunda baş vermiş silahlı insidentlə bağlı iki nəfər saxlanılıb. APA-nın verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları rayonun Avşar kənd sakini Cavid Tağıyevin və qonşusu Nizami Xanəliyevin evinə avtomat silahdan atəş açan Mirzəli Şirinov və Roman Atlıxanovu tutub.
Xatırladaq ki, saxlanılan şəxslər C.Tağıyevin həyat yoldaşının qohumlarıdır. Onlar həyat yoldaşı ilə boşanan C.Tağıyevlə mübahisə edib.
***
17.48
Azərbaycanda həyat yoldaşını boşamaq istəyən şəxsə atəş açılıb.
Ağcabədi Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Avşar qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini Cahid Hacıbala oğlu Tağıyev 17 il evli olduğu həyat yoldaşı Aytəkin Rəxşənd qızını övladları olmadığına görə atasının evinə göndərib.
Bu hadisədən sonra qadının xalası oğulları, Roman Azər oğlu Aslıxanov və Mirzəli Şirin oğlu Şirinov C. Tağıyevin evinə gələrək evi avtomatla atəşə tutublar. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.