Bu gün Gürcüstan parlamentinin növbəti iclasında Gürcüstanın baş naziri vəzifəsinə namizəd Giorgi Kvirikaşvili çıxış edib. Onun çıxışından sonra parlamentin reqlamentinə görə, Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə deputatlar tərəfindən suallar ünvanlanıb. Suallar dialoq şəkilində davam etdirilib.
Parlamentin iclasında azərbaycanlıların kompakt yaşadığı Qardabanidən parlamentə deputat seçilən Savalan Mirzəyev də iki nazirə sualla müraciət edib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, S. Mirzəyev Gürcüstanın Barışıq və Vətəndaşlıq Məsələləri üzrə Dövlət naziri Ketevan Tsixelaşviliyə milli azlıqların cəmiyyətə inteqrasiyası prosesinin vəziyyəti ilə bağlı sual verib. Deputat son dörd ildə milli azlıqların cəmiyyətə inteqrasiyası sahəsində bir çox işlər görüldüyünü, lakin hələ də bu sahədə bir sıra problemlərin olduğunu bildirib. Deputat Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinin həllinin gündəmə gətirilməyinin vacib olduğunu deyib. O, dövlət nazirindən bu vacib məsələnin həlli yollarını soruşub.
Ketevan Tsixelashvili azərbaycanlı deputatın sualını cavablandıraraq, Gürcüstanın Barışıq və Vətəndaşlıq Məsələləri üzrə Dövlət nazirliyinin və dövlətin qəbul etdiyi uzunmüddətli mövcud iş planı ilə bağlı ətraflı məlumat verib. Dövlət naziri milli azlıqların gürcü cəmiyyətinə inteqrasiyası ilə bağlı bir çox tədbirlərin planlaşdırıldığını bildirib və lazım olacaq əlavə tədbirlərin görüləcəyinə dair söz verib.
Azərbaycanlı deputat həmçinin Gürcüstanın Elm və Təhsil naziri Aleksandr Jejelavaya gürcü dilinin tədrisinin vəziyyəti ilə bağlı sualla müraciət edib. O, sualını bu gün üçün vacib və aktual olan dövlət dilinin keyfiyyətli şəkildə öyrədilməsinə yönəldib. Savalan Mirzəyev təhsil nazirinə müraciətində son illər gürcü dilinin öyrədilməsinə dair müxtəlif proqramların həyata keçirilməsinə baxmayaraq bu sahədə də hələ bir çox problemlərin olduğunu qeyd edib. O, nazirə “Əhali gürcü dilini öyrənmək istəyir, məktəblərdə gürcü dillinin öyrədilməsi istiqamətində işləri gücləndirmək məqsədilə yeniliklərin tətbiqi istiqamətində hansı işlər görülür?” sualı ilə müraciət edib.
Nazir A. Jejelava dövlət dilinin öyrədilməsinə dair verilən sualı cavablandırıb. O, bu vacib sahədə bir çox işlər görüldüyünü və gələcəkdə də lazım olan tədbirlərin planlı şəkildə həyata keçiriləcəyini bildirib.