Bu gecə Salyan rayonunun Şəkərli kəndində baş vermiş dəhşətli hadisə zamanı yanaraq ölən ər və arvadının yataq xəstəsi olduğu məlum olub. Lent.az xəbər verir ki, sübh tezdən kənd ərazisindəki mağazanı açmağa gedən kənd sakinlərindən biri Əhmədalı Əliyeva məxsus evin alova büründüyünü görüb və qonşuları çağırıb. Onlar yanğınsöndürmə xidmətinə məlumat veriblər və alovu söndürməyə çalışıblar. Lakin artıq gec olub ağır xəstə olan 74 yaşlı ər və arvadı yanaraq ölüblər.
Bildirilir ki, yaşlı ər-arvad evdə birgə yaşayırmış. Hadisə vaxtı evdə onlardan başqa şəxs olmayıb.
****
8:30
Salyan rayonu, Şəkərli kəndində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, yanğının kəşfiyyatı zamanı ev sahibi, 1943-cü il təvəllüdlü Əhmədalı Qayıbalı oğlu Əliyevin və onun həyat yoldaşı, 1934-cü il təvəllüdlü Zemfira İsa qızı Əliyevanın meyitləri yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 07:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.