Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qadınları adından bir qrup məcburi köçkün qadın (100 nəfər) Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya səfəri ilə əlaqədar Fransa prezidenti Fransua Olland, Fransa Milli Assambleyasının prezidenti Klod Bartolon və Fransa Senatının sədri Gerard Larçerə məktub ünvanlayıb.
“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birlikdən APA-ya verilən xəbərə görə, məktubda deyilir:
“Siz 8 mart 2017-ci il tarixində beynəlxalq qadınlar günü bayramında xüsusi amansızlıqla azərbaycanlı qadınlarının qətlə yetirildiyi Xocalı soyqırımının təşkilatçısı Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanı Parisdə qəbul edəcəksiniz.
Bununla əlaqədar, Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının məcburi köçkün həyatını yaşayan bütün qadınları adından sizdən xahiş edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan Prezidentinə təzyiq göstərəsiniz ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəni beynəlxalq hüquqa, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in Helsinki Yekun Aktına istinadən sülh yolu ilə həll edilməsinə, həmçinin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına və inkişafına, “Ermənistan-Azərbaycan Sülh Platforma”sının fəaliyyətinə və biz məcburi köçkünlərin insan hüquqlarının tezliklə bərpasına və 2018-ci ildə növbəti beynəlxalq qadınlar bayramını öz doğma diyarlarımızda, şəhərlərimizdə, kəndlərimizdə və evlərimizdə qeyd etməyimizə maneə göstərməsin”.
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qadınları Fransa rəsmilərindən ədaləti dəstəkləməyi və beynəlxalq hüququn, tarixi ədalətin və onların insan hüquqlarının öz tarixi və doğma torpaqları olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təmin edilməsini xahiş ediblər.
“Biz ümid edirik ki, Fransa beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi, ATƏT-in Minsk Qrupunun həmsədri kimi yuxarıda qeyd etdiyimiz beynəlxalq öhdəliklərinə əsasən öz obyektiv vasitəçilik funksiyasını daha da gücləndirəcək və Ermənistan Prezidentinə təzyiqlərini artıracaq”, - deyə müraciətdə qeyd olunub.
Müraciət Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının məcburi köçkün həyatını yaşayan bütün qadınları adından İcmanın bir qrup qadınları tərəfindən imzalanıb.