““Şəfa-Broyler” şirkətində heç bir bədbəxt hadisə baş verməyib, şirkətin rəhbəri də sağ-salamatdır”.
Bunu APA-ya açıqlamasında “Şəfa-Broyler” şirkətinin mətbuat katibi Vaqif Hüseynov deyib. O qeyd edib ki, bu barədə yayılan məlumat həqiqətə uyğun deyil: “Birincisi, bizim şirkət Suraxanı rayonunda yox, Binəqədidə yerləşir. İkincisi də, həmin xəbərdə adları çəkilən şəxslərin heç biri “Şəfa-Broyler”in əməkdaşı deyil”.
Qeyd edək ki, hadisə barədə APA Suraxanı Rayon Polis İdarəsinə istinadən məlumat yayıb.
Daxili İşlər Nazirliyi də hadisə barədə məlumat yayıb.
Daxili İşlər Nazirliyinin saytında yerləşdirilən xəbərdə bildirilir ki, dünən Suraxanı rayonu ərazisində yerləşən “Şəfa-Broyler” şirkətində oranın işçisi, Gürcüstan vətəndaşı Ramiz Mustafayev idarə etdiyi “Mercedes” markalı avtomobili arxaya verərkən şirkətin müdiri, Bakı şəhər sakini Taleh Tağıyevi divara sıxıb.
T. Tağıyev hadisə yerində ölüb.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.