2013-cü ilin yekunlarına əsasən, dünyanın ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Lent.az-ın məlumatına görə, “Qızıl top” mükafatına iddialıların yekun “3-lüy”ünə Lionel Messi (Argentina, “Barselona”), Kriştianu Ronaldu (Portuqaliya, “Real Madrid”) və Frank Riberi (Fransa, “Bavariya”) düşüb.
Onlar yığmaların baş məşqçiləri, kapitanları və KİV nümayəndələri arasında sorğu nəticəsində mükafata 23 iddialı arasından seçiliblər. FİFA “Qızıl top”un yeni sahibini 2014-cü il yanvarın 13-də İsveçrənin Sürix şəhərində açıqlayacaq.
Ali futbol qurumu habelə, ən yaxşı baş məşqçi mükafatına namizədləri açıqlayıb. Bu mükafat uğrunda Aleks Ferqyuson (İngiltərə “Mançester Yunayted”inin sabiq baş məşqçisi), Yupp Haynkes (“Bavariya”, Almaniya) və Yurgen Klopp (“Borussiya” Dortmund, Almaniya) mübarizə aparacaq.
Qeyd edək ki, son 4 ildə “Qızıl top”u Lionel Messi, 2008-ci ildə “Mançester Yunayted”də ikən Kriştianu Ronaldu qazanıb. Frank Riberi isə karyerasında ilk dəfə namizədlər “3-lüy”ünə düşüb.