Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda terror törətməyə cəhddə şübhəli bilinərək həbs edilən dəstəyə hökm oxunub.
Lent.az-ın məlumatına görə, məhkəmə “azadxəbər.org” saytının baş redaktoru Nicat Əliyevi 10 il , Elvin Nəsirovu 9 il, Ceyhun Səfərlini 9 il digər şəxsləri isə 8 ildən 4 ilə qədər azadlıqdan məhrum edib.
Qeyd edək ki, Nicat Əliyev və daha şəxs - Nəsirov Elvin, Camalov Qorxmaz, Hüseynov Elimxan, Hüseynov Samir, Tofiqi Emin, Məmmədov Səfər, Ceyhun Səfərli, Əliyev Əli 2012-ci il Bakıda keçirilən "Eurovision" musiqi yarışması ərəfəsində şəhər əhalisi arasında disk yaymaqda ittiham olunaraq həbs ediliblər. Diskdəki videorolikdə Azərbaycanda yarışmadan əvvəl "geyparad" keçiriləcəyi bildirilir və sosial problemlər, Qarabağ problemi, dini qadağalar və s. problemlərin yaşandığı ölkədə bu cür yarışmanın keçirilməsinin yolverilməz olduğu vurğulanır.
2012-ci il mayın 20-də saxlanılan Nicat Əliyevə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. 2013-cü il yanvarın 26-da baş redaktora qarşı CM-nin 167-2.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya yayma), 281.2-ci (bir qrup şəxs tərəfindən Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.3-cü (mütəşəkkil dəstə tərəfindən milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə yeni ittihamlar irəli sürülüb.