Yanvarın 23-də səhər saatlarında Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Lənkəran şəhər şöbəsinin əməkdaşları tərəfindən Xəzər dənizi sahilində, rayonun “Dəhnə” deyilən ərazisində xeyli sayda silah-sursat aşkarlanıb.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə yerinə hüquq-mühafizə orqanlarının, MTN-in və Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin əməkdaşları cəlb olunublar. Əraziyə kənar şəxslərin daxil olmasının qarşısını almaq məqsədilə lazımi təhlükəsizlik tədbirləri görülüb.
Məlum olub ki, aşkarlanmış silah-sursat 4 ədəd “TM-62” markalı tank əleyhinə mina, 2 ədəd tank mərmisi və 80-dək avtomat gülləsindən ibarətdir. Hər hansı təhlükənin qarşısını almaq məqsədi ilə 1 kilometrədək ərazidə axtarış tədbirləri həyata keçirilib.
Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, tapılmış silah-sursat xüsusi qaydalarla zərərsizləşdiriləcək.