“Milli Şura artıq Müsavatın bir qurumuna, daha dəqiq desək, rayon təşkilatına çevrildi”.
Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Milli Şurada baş verən son hadisələrə münasibət bildirərkən deyib.
S.Novruzov qeyd edib ki, bununla Milli Şura arabanın beşinci təkəri rolunu da oynaya bilmədi: “Çünki arabanın beşinci təkəri yenə nəyəsə yarayır, amma bunlar ona da yaramadılar”.
Onun sözlərinə görə, bir-iki partiyanın diktəsi ilə oturub-duran qurumun axırı belə də olmalı idi: “Mən bunu əvvəllər də demişdim”. Milli Şuradan çoxlu sayda partiyaların, ayrı-ayrı insanların kütləvi çıxmasını xatırladan YAP rəsmisi bildirib ki, artıq quruma ideya verənlər də oradan uzaqlaşdırılıb: “Milli Şura bununla ölü quruma çevrildi”.
S.Novruzov bildirib ki, dünənə qədər mitinqlərdə Rüstəm İbrahimbəyovun plakatlarını qaldıran müsavatçılar bu gün artıq iddia edirlər ki, başqa bir ölkənin vətəndaşı qurumda həmsədr ola bilməz: “Bəs o vaxt İbrahimbəyov başqa ölkənin vətəndaşı deyildimi? İndi hətta onun fəxri sədrliyinə belə etiraz edirlər. Çünki İbrahimbəyov bunlara söz verdiyi pulları gətirib vermədi. Axı bunları maraqları puldur, maddi maraqdır. Cəmil Həsənlini də ora-bura göndərdilər, ondan da bir şey çıxmadı. ELə 3-4 aydan sonra Cəmil Həsənlini də Rüstəm İbrahimbəyovun taleyi gözləyir. Bir sözlə, Milli Şura elə bir günə düşdü ki, artıq onun haqqında danışmağa belə dəyməz”.