“AccessBank” QSC-nin əməkdaşının qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, istintaq zamanı cəmiyyətin “20 yanvar” filialının kredit mütəxəssisi Kamal Fərəcovun tanışları Vüqar Rəhimov, Zamiq Dadaşov və Seyran Umudov ilə qabaqcadan əlbir olub sonuncuların vasitəçiliyi ilə 2009-2010-cu illər ərzində ödəniş qabiliyyətləri olmayan ayrı-ayrı şəxsləri müştəri kimi cəlb edərək, maliyyə təhlili aparmadan onların adlarına kreditin verilməsi üçün zəruri olan sənədləri və məlumatları saxtalaşdırması müəyyən edilib: “Habelə onların faktiki baxış keçirilmədən uydurma dövriyyə vəsaitlərini, ev əşyalarını kredit təminatı kimi girov qismində sənədləşdirmə yolu ilə 59 nəfərin adına ümumilikdə 108 min 640 manat məbləğində pulu kredit kimi götürüb ələ keçirməklə cəmiyyətə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan qeyd edilən şəxslərə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham elan edilib. Həyata keçirilmiş tədbirlər nəticəsində cinayət işi üzrə müəyyən olunmuş ziyanın bir qisminin təqsirləndirilən şəxslər tərəfindən ödətdirilməsi təmin olunub”.
Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.