Ucarda baş verən dəhşətli yol qəzası ilə bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.
Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb. Zaqatala rayon sakini, 51 yaşlı Nazim Axundovun idarə etdiyi "Vıto" markalı mikroavtobus Gədəbəy rayon sakini, 37 yaşlı Sərxan Abdullayevin idarə etdiyi "Howo" markalı yük maşınının arxa hissəsinə çırpılıb.
Nəticədə sürücü N. Axundov və sərnişinləri - Zaqatala rayon sakinləri, 36 yaşlı Eyvaz İbrahimov, 17 yaşlı Yusif Yusubov, hələlik şəxsiyyətləri məlum olmayan 50-52 və 25-30 yaşlı qadınlar dünyasını dəyişiblər. Xaçmaz rayon sakini, 19 yaşlı Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Hürünün vəziyyəti daha ağır olduğundan o, Göyçay rayon xəstəxanasına göndərilib.
Fövqəladə Hallar Nazirliyi (FHN) də Ucarda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Lent.az-ınnazirliyin saytına istinadən xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə Ucar rayonunun Müsüslü kəndində “Mercedes” markalı mikroavtobus ilə “Shacman” markalı yük avtomobilinin toqquşması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri mikroavtobusda sıxılı vəziyyətdə qalan 2 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
***
08:01
Ucarda baş verən ağır yol qəzasında xəsarət alanların adları məlum olub.
Lent.az APA-ya istinadla xəbər verir ki, qəza nəticəsində 3 nəfər – Zaqatala rayon sakini, 36 yaşlı Eyvaz İbrahim oğlu İbrahimov, Xaçmaz rayon sakini, 19 yaşlı Rəcəb Ramin oğlu Mustafayev və Hürü adlı qız aldıqları ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. E.İbrahimovun xəsarətləri ağır olduğundan o, xəstəxanada dünyasını dəyişib. Hürü isə Göyçay Rayon xəstəxanasına aparılıb.
Qeyd edək ki, şəxsiyyətləri hələlik müəyyən edilməyən daha 4 nəfər hadisə yerində dünyasını dəyişib.
***
Saat 05:48
Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax yolunun Ucar rayonunun Müsüslü kəndindən keçən hissəsində qeydə alınıb.
Avtoqəza nəticəsində 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Hadisə zamanı "Mercedes Vito" markalı mikroavtobusla "Howo" markalı yük maşını toqquşub.
Yol qəzasının təfərrüatları araşdırılır.