Qaradağ rayon Polis İdarəsinə müraciət edən vətəndaş Ümid qəsəbəsindəki evindən 1000 manat pul və dəyəri 600 manat olan qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, eyni məzmunlu şikayətlərlə müraciət edən Ümid qəsəbəsində yaşayan daha 2 sakinin ərizəsi Polis İdarəsində qeydə alınıb. Onlar da evlərindən ümumilikdə 4000 manata yaxın qızıl-zinət əşyalarının oğurlandığını bildiriblər. Aparılan araşdırmalar, eləcə də hadisə yerlərinə baxış keçirilən zaman oğurluqların eyni şəxs tərəfindən törədildiyi müəyyən edilib.
Qaradağ rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisələri törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Zeynəb Quliyeva saxlanılıb. O, izahatında etdiyi oğurluqları etiraf edib. Araşdırmalar zamanı onun Səbail rayonu Bayıl qəsəbəsində də bir evdən oğurluq etdiyi müəyyən edilib.
Faktlarla bağlı Qaradağ rayon Polis İdarəsində Cinayət İşi başlanılıb. Zeynəb Quliyeva barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.