Sabah ilk zəngi  tıxacda qalan maşınlar çalacaq - REPLİKA
14 sentyabr 2026 16:40 (UTC +04:00)

Sabah ilk zəngi tıxacda qalan maşınlar çalacaq - REPLİKA

0

Sabah məktəblər açılır. Dərs ili başlayır. Uşaqlar üçün ilk zəng çalınacaq, sürücülər üçün isə ilk siqnal yəqin ki, elə tıxacda veriləcək.

Azərbaycanda təkcə 124 min uşaq birinci sinfə gedəcək. Bunun üstünə yuxarı sinif şagirdlərini, tələbələri, müəllimləri, valideynləri də gələndə səhər saatlarında şəhərdə necə mənzərə yaranacağını təsəvvür etmək çətin deyil.

Amma bizim bir başqa “ənənəmiz” də var. Uşaq birinci sinfə gedirsə, sanki məktəbə təkcə uşaq yox, bütün nəsil qəbul olunub.

Ana gedir, ata gedir, nənə gedir, baba gedir, xala-dayı da fürsət tapsa, geri qalmır. Ən maraqlısı isə odur ki, mümkün qədər hamı ayrı-ayrı avtomobillə məktəbin qapısına qədər çatmağa çalışır.

Nəticə?

Uşaq məktəbə çatır, şəhər çata bilmir.

Məktəblərin qarşısında avtomobillər ikinci cərgədə, üçüncü cərgədə saxlanılır. “Beş dəqiqəyə çıxıram” deyən valideynlərin beş dəqiqəsi yüzlərlə avtomobil üçün yarım saatlıq tıxaca çevrilir. Ardınca siqnallar, əsəbi sürücülər və hərəkətsiz küçələr...

Əlbəttə, övladının ilk məktəb gününü görmək valideyn üçün xüsusi hissdir. Heç kim buna etiraz etmir. Amma bir uşağı məktəbə aparmaq üçün üç-dörd avtomobilin küçəyə çıxmasına həqiqətən ehtiyac varmı?

İctimai nəqliyyatın əlçatan olduğu yerlərdə avtobusdan, metrodan istifadə etmək, avtomobili məktəbdən bir qədər aralı saxlamaq, bir ailədən bir maşınla getmək belə vəziyyəti xeyli yüngülləşdirə bilər.

Çünki sabah hamımız eyni anda “mən uşağımı qapıya qədər aparmalıyam” desək, heç kim heç kimi qapıya qədər apara bilməyəcək.

Birinci sinfə gedən uşağın bütün nəsli məktəbə yola salmaq istəyirsə, buyursun.

Amma heç olmasa bütün nəsil ayrı-ayrı maşınla getməsin.

Yoxsa sabah ilk dərs uşaqlar üçün məktəbdə, böyüklər üçün isə tıxacda başlayacaq...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 274

Oxşar yazılar